X

Rəylərə rəy

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi»ndə qalib gəlmiş “LƏZGI DILI ÖYRƏDILƏN MƏKTƏBLƏRDƏ INTEQRATIV TƏHSIL (İnT)” layihəsinin icra planına uyğun olaraq həmin layihə müzakirəyə qoyulmuşdur.

Layihəyə mahiyyəti üzrə verilmiş rəylərdən ən «sanballısı» “Samur” Ləzgi Milli Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri İmran Rzayevin, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimovanın və həmin qəzetin redaktor müavini Müzəffər Məlikməmmədovun imzaları ilə “Samur” qəzetinin 2(347) 2021 tarixli nömrəsində getmiş “SOS!!! Necə başa düşək? Qayğıkeşlik, yoxsa gözdən pərdə asmaq?” başlıqlı məqalədir. Sanballıq təsəvvürünü məqalə müəlliflərinin müxtəlif informasiya resurslarında adlarını “yazıçı”, “şair”, “dramaturq”, “ictimai xadim”, “redaktor”, “tarixçi”, “lüğətçi”, ”Samur” Ləzgi Milli Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri”, “Samur” qəzetinin baş redaktoru”, “qəzetin redaktor müavini” kimi titullarla bəzətməsi amili yaradırdı.

Gözləmək olardı ki, məqalənin müəllifləri layihəni, o cümlədən müzakirəyə təqdim edilmiş dərs nümunələrini, videoçarxları ətraflı öyrənəcək və dərindən elmi təhlilini verəcəklər. Sevinəcəklər ki, bəşər tarixində ilk dəfə tətbiq edilən və 1255 qaydanı 3 dərsdə öyrətməyə imkan verən bu unikal layihədə nəzərdə tutulmuş qaydada ləzgi dilini qısa müddətdə mükəmməl öyrətməklə digər fənlərin də öyrənilməsini sürətləndirdiyini görəcəklər. Görəcəklər ki, inteqrasiya ləzgi əlifbasını Я, Ю, Ё, Е, Щ, Э, I … kimi artıq işarələrdən, lüğətləri yad sözlərdən təmizləməklə, məsələn, Sədaqət Kərimovanın və Müzəffər Məlikməmmədovun başqa dillərin sözlərini 83 % köçürməklə “zənginləşdirdiyi” lüğətdəki «куьгьне» kimi alınma sözləri lüğətə salınmamış «ц1уру» kimi əsil ləzgi sözləri ilə dəyişdirib “zənginləşdirməklə” yox, alqoritmik qaydada təkmilləşdirməklə (!) dildən istifadəni asanlaşdıracaq, növbədə, insanların bu dilə müraciətlərini intensivləşdirməklə ləzgi dilinin ömrünü, deməli, ləzgi xalqının varlığını da qoruyacaqdır.

Məqalənin ilk abzası qənaət yaratdı ki, ya məqalə müəlliflərinin təmsil etdikləri “Samur” Ləzgi Milli Mədəni Mərkəzi bu üç nəfərdən ibarətdir, ya da bu Mərkəzdə bir nəfər də olsun dil tədrisi mütəxəssisi yoxdur; əslində hər iki qənaət doğru çıxdı.

Məsələn, nə layihədə, nə də onun əlavələrinin heç birində (hətta məqalə müəlliflərinin köçürməklə “gafargan” etdikləri 70 000 sözlük lüğətdə də) “inklüziv” sözü yoxdur. 11 abzaslıq məqalənin 4 abzasında – 1, 3, 4, 5-ci abzaslarında inklüzivdən bəhs edərək, İNTEQRATİV və İNKLÜZİV anlayışlarının fərqini anlamadan “inteqrativ təhsil əlilliyi olan uşaqlara aiddir”, “ləzgi dilinin tədris edildiyi ümumtəhsil məktəblərində çoxlu əlil uşaq var və ona görə də belə təhsil proqramına ehtiyac yaranıb. Ləzgi kəndlərində əlil şagirdlər o qədər çoxdur ki?” – yazmaqla layihəni gözdən salmaq istəsələr də, əks-effekt alınıb – özlərini rüsvay ediblər; “inteqrativ təhsil”i “inklüziv təhsil” ilə səhv salmaq təkcə dərsdən, dərsliklərdən bixəbər olmaq deyil, ümumiyyətlə, səviyyəsizliyin göstəricisidir; ibtidai sinif şagirdi də bilir ki, “inteqrativ” sözünün kökü “birləşmə” mənasındadır.

Məqalənin 2-ci abzasında məzmunca adekvat olan “ləzgi dilinin öyrənildiyi məktəb”, “ləzgi dilinin öyrədildiyi məktəb” ifadələrində səhv axtarmaları məqalə müəlliflərinin “qiymət normaları”ndakı səhv sayılmayan 14 qaydadan xəbərsiz olduqlarını büruzə verməklə yanaşı, təkcə layihəyə deyil, həm də layihənin müəllifinə qarşı qərəzli münasibətlərini sərgiləyirlər.

“Rəy”çilər “Lezgi İnT” feysbuk səhifəsində müzakirəyə qoyulmuş “Ləzgi dili öyrədilən məktəblərdə inteqrativ təhsil (İnT)” layihəsini və ona edilmiş əlavələri: “Hesabat” adlı monoqrafiyamı, 41 il əvvəlki SSRİ PE Akademiyasının, Maarif Nazirliyinin iki dəfə təqdir edərək bütün ölkədə yaydığı, dünyanın aparıcı alimlərinin bəyəndiyi, 247 punktuasiya qaydasını 3 dərsdə öyrətməyə imkan verən inteqrativ dərs nümunələri ilə tanış olsaydılar, başa düşərdilər ki, bu layihə əsrlər boyu həll olunmamış məsələlərin Azəbaycan Hökuməti tərəfindən dəstəklənən yol xəritəsidir; məqalə müəlliflərinin “başa düşdüyü” kimi, o, “əlil uşaqlar üçün ayrıca dərsliklər” çap etmir, “Samur”un susması ilə 100 minlərlə ləzgi balasının məhrum edildiyi 6 illik dərsləri 6 ayda kompensasiya etməklə yarım əsrdə görülməmiş işləri görür: 212 qaydanı bir dərsdə öyrətməyə imkan verən inteqrativ ləzgi dili dərsliklərini yaradaraq məktəblərə paylayır; ləzgi dili müəllimlərinə seminarlar, teledərslər, distant kurslar, internet resursları və s. təqdim edir. Buraya dərsliklərin çapı, ləzgi dili öyrədilən siniflərin artırılması, ləzgi dili müəllimlərinin hazırlanması, bu dilin inkişafı üçün digər imkanların yaradılması və s. daxildir.

Məqalənin 8-ci abzasında “o, dilçilik elminə bir o qədər də bələd deyil” hökmü ilə “adımı sənə qoyum, səni yana-yana qoyum” niyyətini gizlətmirlər. Təhsil Nazirliyinin Qrant müsabiqəsində qalib gəlmiş “ləzgi dili öyrədilən məktəblərdə inteqrativ təhsil (İnT)” layihəsinin rəhbəri Məmmədov Həsənbala Məhəmməd oğlu “Samur”u alim təsisçidən qamarlayıb ailə qəzetinə çevirmiş redaktor, Mərkəzi qohumundan miras almış rəhbər və ya «словар»ları köçürərək “гафарган” etmiş müəllif deyil, 75 illik ömrünün 56 ilini məktəbdə ləzgi balalarına ləzgi və Azərbaycan dillərini öyrətmiş metodist müəllim, universitetlərdə tələbələrə dil tədrisindən, institutlarda müəllimlərə və rəhbər işçilərə pedaqogikadan mühazirələr oxumuş fəlsəfə doktorudur; qabaqcıl iş təcrübəsi, elmi nailiyyətləri 2 dəfə SSRİ Pedaqoji Elmlər Akademiyasından bəri Respublikanın mötəbər qurumlarına kimi bəyənilərək ölkədə yayılmış novatordur; 41 il əvvəl orta məktəb kursunu 4 ayda öyrətməklə dünyanı heyrətə gətirmiş V.F.Şatalovun nəticələrini 3,2 dəfə üstələyən unikal metodik sistemlə ləzgi uşaqlarına 6 sinifdə öyrədilməmiş 442 saatlıq 6 illik proqramı 6 ayda öyrətməyə təminat verən analoqsuz didaktik sistemin yaradıcısıdır. Ensiklopediyaya salmaq üçün “Samur”a təqdim olunmuş sənədlərdən də məlumdur ki, yarım əsrdə ölkənin ləzgi dilinin tədrisinə aid bütün sənədlərinin: ləzgi dilinin tədris proqramlarının, fənn kurikulumlarının, Təhsil Nazirliyinin keçirdiyi ləzgi dili müəllilərinin diaqnostik imtahanlarının qiymətləndirmə vasitələrinin müəllifi də, ləzgi dili dərsliklərini və dərs vəsaitlərini qiymətləndirən ekspert də Həsənbala Məmmədovdur. Bu siyahıya hekayələri, oçerkləri mərkəzi mətbuatda dərc edilmiş elmi müxbir, ləzgi dilində işıq üzü görmüş əsərlərin müəllifi titullarını da əlavə etsək, “o, dilçilik elminə bir o qədər də bələd deyil” cümləsindən sonra xəcalət çəkməmək intellektual deyil, vicdan məsələsidir…

Məqalənin 6-cı abzasındakı “ləzgi dili dərsliklərinin yazılması təsadüfi adamlara” deyil, “ləzgi dili dərsliklərinin yazılması dilçi alimlərə, dili mükəmməl bilən və müəyyən təcrübəyə malik peşəkarlara həvalə olunmalıdır” təklifi normaldır. Ona görə də, biz dərslik və dərs resurslarını hazırlamağı “inteqrativ təhsil”i “inklüziv təhsil”dən ayıra bilməyən, dərsdən, dərsliklərdən bixəbər olan təsadüfi adamlara deyil, açıq müsabiqədə kurikuluma uyğun inteqrativ dərs nümunələrini təqdim etmiş şəxslərin arasından ən yüksək potensiala, qabaqcıl təcrübəyə malik olan peşəkarlara həvalə etmişik.

Düzdür, əlifbanın, leksikanın təkmilləşdirilməsi həvəskarların işi deyil; mənim 8 diplomumdan 3-ü dillərin tədrisinin filoloji, pedaqoji və psixoloji aspektlərini əhatə edir, 1-ci dissertasiya işimin mövzusu informasiyaların sıxlaşdirilmasıdır; məzmun və forma (hərf və fonem, lüğətlərin sistemləşdirilməsi, alqoritmik tərcümə texnologiyaları …) münasibətlərini əhatə edir. Universitetdə dil tədrisi metodikasından mühazirələr oxuyuram, eksperimentlərimi və layihələrimi ləzgi kontingentli orta məktəbdə reallaşdırıram, dil və ədəbiyyatı tədris edirəm. Məqalə müəllifləri sosial şəbəkələrdə yerləşdirdiyim əsərlərimi: “Hesabat” monoqrafiyasını, “İnformasiyaların sıxlaşdırılmasının didaktik imkanları”, “Semiotika vasitəsilə durğu işarələrinin öyrədilməsi” və digər məqalələrimi oxusaydılar, başa düşərdilər ki, məşhur akademiklərin də etiraf etdiyi kimi, ləzgi dilinin inkişafını ləngidən reallıqları aradan qaldırmaqla, o cümlədən ləzgi əlifbasının hərflərinin sayını 28-ə endirərək, onların ifadə etdiyi fonemlərin sayını 67-yə qaldırmaqla, 116 orfoqrafiya qaydasını 48 qaydada ümumiləşdirməklə 6 illik ləzgi dili materialı 6 ayda nə cür öyrədilir. Müəlliflər bunların heç biri ilə tanış olmadan bu məqalə ilə layihəyə deyil, layihə müəllifinə münasibət bildirmişlər. Dərslik müəllifliyinə keçirilmiş müsabiqəyə də iş göndərmədən ləzgi dili dərsliklərinin müsabiqədənkənar müəllifi olmağa da razılıq verməmişəm. Kurikulumun əsas istiqamətini – inteqrasiyanı inklüzivdən ayıra bilməyən şəxslərə dərslik yazmağı etibar etmək olmazdı. Bunun hayıfını qərəzli məqalə ilə almaq cəhdi cılız hisslərin nəticəsidir.

Ləzgi xalqını təmsil etmək iddiasında olan «peşəkar»ların məqaləsinin 8-ci abzasındakı “Görünür o, dilçilik elminə bir o qədər də bələd deyil”, 9-cu abzasındakı “Leksikaya gəldikdə isə, onu təkmilləşdirmirlər, zənginləşdirirlər” cümlələrinə tələbələrimin izahı belə oldu: “Lüğətdə olmayan “inklüziv“ kimi sözləri lüğətə salmaq lüğəti zənginləşdirmək, lüğətə salınmış «куьгьне» kimi alınma sözləri «ц1уру» kimi doğma sözlərlə əvəz etmək isə lüğəti təkmilləşdirmək əməliyyatlarıdır.”

Məqalənin “Qayğıkeşlik, yoxsa gözdən pərdə asmaq?” başlığında arqumentsiz olaraq dövlətin milli siyasətinə şübhə yaradan müəlliflər məqalənin 10-cu abzasında “Bu cür layihələri həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyi öncə ləzgi dili tədris olunan ümumtəhsil məktəblərində oxuyan sağlam uşaqların milli dildə dərsliklərlə təmin edilməsi, həmin məktəblərdən ötrü ixtisaslı ləzgi dili müəllimlərinin hazırlanması qayğısına qalmalıdır. Bu məsələyə laqeydlik göstərməməlidir.” – yazaraq, Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin heç birini, o cümədən mənim rəhbərlik etdiyim layihəni öyrənmədən Təhsil Nazirliyini günahlandırırlar.
Lageydliyi kim göstərir?

Təhsil Nazirliyi digər azsaylı xalqların tədrisinə həftədə 4 saat, ləzgi dilinin tədrisinə isə 20 caat ayırmışdı, niyə bu saatların sayı 9-a düşdü? Niyə valideynlər uşaqlarını ləzgi dili dərslərinə göndərmirlər?

1) Ləzgi dili tədris olunmalı 372 məktəbdən yalnız 108-də ləzgi dilinin tədrisində, valideynlərin uşaqlarını ləzgi dili dərslərinə buraxmamalarında, ləzgi ailələrində ləzgicə danışmamalarında, ləzgi dili müəllimi hazırlayan məktəblərə getdikcə az adamın gəlməsində, xaricdə yaşayan ləzgilərin övladlarının ləzgi dilində yazıb-oxuya bilməmələrində günah Azərbaycan Respublikasının Təhsil Nazirliyindədir, yoxsa 85 % alınma sözləri köçürməklə, “предложение” / “джуьмле” / “жуьмле” \ “ц1аргаф”, “точка” \”нуьхъте” \ “т1вех” kimi terminlərdən 95 %-ni lüğətə salmamaqla ləzgi dilini istifadəyə yararsız edən (4 ildə çap edilməmiş 9 dərsliyin əsas çətışmazlığı “Samur”un “peşəkarlarının” lüğətinə əsaslanmış leksikası olmuşdur), ləzgiləri ruslaşdıranlara uzun illər züy tutan “Samur”un “peşəkar”larında?

2) Azərbaycan hökuməti ləzgi dili müəllimlərini hazırlamaq üçün Bakıda DDU-nun filialını açmışdı. “Деятельность филиала Дагестанского государственного университета (ДГУ) в Баку прекращена по представлению прокурора Республики Дагестан … «Не имеющий государственной аккредитации (https://az.sputniknews.ru…)”. Akkreditasiyanın olmaması nə deməkdir? Bu o deməkdir ki, mühazirə oxumalı alimlərin yerinə alimlik dərəcəsi, pedaqoji və ya filoloji ixtisası olmayan “Samur”un “peşəkarları” özlərini mühazirəçi adı ilə müəllimlərin siyahısına saldırıb, 6 ilin pullarını mənimsəyiblər; 148 ləzgi balasını da əlində saxta diplomla avara qoyublar. Cinayətkarlar qrupuna təkrarən filial açarlarmı?

3) Təhsil Nazirliyi ləzgi dili dərsliklərinin çapını heç kimə qadağan etməmişdir. 2016-cı ildən bəri 9 ləzgi dili dərsliyi və metodik vəsait yazılmışdır. Mən, Təhsil Nazirliyinin eksperti olaraq, onları təkrar işlənməsi üçün geri qaytarmışam. Onlara yazdığım rəylərdə (Bu rəylərdən biri “Lezgi İnT” səhifəsində yerləşdirilmiş və “Samur”a da şəxsən təqdim edilmişdir), əsas nöqsanın səbəbi “Samur”un “peşəkar”larının biabırçı vəziyyətə saldıqları 70 min sözdən ibarət lüğətdə akademik dildə olmalı sözlərin əksəriyyətinin olmaması göstərilmişdir.

Ləzgi dilində ibtidai təhsili almadan da “samouçka” kimi, ləzgicə “əsərlər” yazmaqla kabinetlərdə “yazıçı”, “laureat” kimi adları almaq, musiqı savadı olmadan da özünü “bəstəkar” adlandırıb sosial şəbəkələri plagiatla doldurmaq, layihəmə yazdıqları rəylə təkrarən təsdiq etdikləri səriştəsizliliklləri ilə də dərslik müəllifliyini almaqla qazanmaq olar, amma əsrlərlə assimilyasiyaya salınaraq əriməkdə olan ləzgi dilini yox olmaq təhlükəsindən xilas edən strategiyanı təmin edəcək sistemi yaratmaq olmaz.

41 il ərzində yaratdığım belə bir sistem, müsabiqədə qalib gəlmişdir və TN-nin maliyyə dəstəyilə onu icra edirik; illər boyu ruslaşdırdıqları əlifbaları, lüğətləri, qaydaları təkmilləşdirərək inteqrasiya etməklə 6 ilin proqramını 6 ayda öyrətməyə imkan verən resursları: dərslikləri, texnologiyaları və s. yaradaraq nəticələrini cəmiyyətə təqdim edirik. Təkzib etdiyim məqalənin müəllifləri isə bundan qazanc götürə bilmədikləri üçün mənə qarşı şantaj və suçlama kompaniyasını təşkil etmişlər. Məsələn, bütün aparıcı alimlər ləzgi dilinin (əlifbasının, leksikasının, sintaksisinin, punktuasiyasının və s.) təkmilləşdirilməsini zəruri sayırlar, “Samur” da “ləzgi əlifbasının təkmilləşdirilməsi vacibdir”, — yazır. Mənim müsabiqədə qalib gəlmiş layihəmlə kiril qrafikasında ləzgi dilinin bütün fonemlərini ifadə edən 31 işarədən ibarət əlifbanı, 116 orfoqrafiya qaydasını əvəz edən 39 qaydadan ibarət orfoqrafiya qaydalarını yaratmışıq, öyrədilməsini asanlaşdıran inteqrativ təhsil ilə 6 illik dərsi 6 ayda öyrətməyin nümunələrini: videoçarxları, teledərsləri kurikuluma uyğun hazırlamışıq və sosial şəbəkələrdə təqdim etmişik. Bəs niyə “sağray lezgiyar!“ kimi şüarlarla sadə insanlardan ucuz layk yığan ”Samur”çular sevinmədilər ki, dünyanın heç bir yerində olmayan bu tapıntını onların ləzgisi, yerlisi kəşf edib? Niyə fərqində deyillər ki, bütün ölkələr əlifbalarından Ю, Я, Ё, Е, Э, Щ …- hərflərini çıxardaraq, dillərini rusa assimilyasiyadan qorumaq istədikləri halda, ləzgi əlifbasını rus boyunduruğundan xilas etməklə optimallaşdırmanı istəmirlər?

Peşəkar olmayanlar da, başa düşürlər ki, dildəki 44 səsi 26 hərflə ifadə edən dünya dilində — ingilis dilində F hərfi olduğu halda, “Fonetik” sözünü niyə əlifbalarında olmayan PH ilə “Phonetik” yazırlar? İnformasiyaların sıxlaşması qanununu bilməyənlər, “Samur” qəzetində məlumat verməkdən imtina edilmiş “Hesabat” adlı monoqrafiyamı “Lezgi İnT” səhifəsindən oxusunlar və “Samur”un “peşəkar”larının və onların havadarlarının bərbad günə saldıqları ləzgi dilinə digər dillərə baza və ləzgilərin ümumi ünsiyyət vasitəsi olmaq funksiyalarını qaytaranlara maneçilik etməsinlər!
25 ilə yaxın bir müddətdə “Samur” Ləzgi Milli Mədəni Mərkəzinə xalqın hesabından verilmiş pulların taleyini bilmək həmin xalqın, hər bir ləzginin konstitusion hüququdur. Bu fəaliyyətin audit və digər yoxlamalarının, monitorinqlərinin nəticələrinin, hesabatlarının, aldığı vəsaitlərin, ianələrin və s. mənbələri barədə məlumatların və “Samur” qəzetinin 2(347) 2021 sayında mənə böhtan və təhqir yazılmış “SOS!!! Necə başa düşək? Qayğıkeşlik, yoxsa gözdən pərdə asmaq?” məqaləsinə yazdığım bu təkzibin — “Rəylərə rəy” məqaləsinin “Samur” qəzetində dərc edilməsini tələb edirəm.

Həsənbala Məmmədov,
ped. ü. fəlsəfə doktoru,
layihənin rəhbəri.
Email: hasanbalamamedov@gmail.com