X
    Категории: Статьи

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Azər Badamova

Hörmətli Azər müəllim!

Ölkə parlamentinin ən təcrübəli deputatlarından birisiniz. Artıq dördüncü dəfə Qusar camaatını, biz həmyerlilərinizi təmsil etmək haqqını əldə etmisiniz. Son aylar, illərdə nümayiş etdirdiyiniz aktiv siyasi fəallıq, kütləvi informasiya vasitələrində, efirlərdə, sosial şəbəkələrdəki çıxışlarınız, çoxsaylı səfərləriniz və görüşləriniz seçiciləriniz olaraq bizi qürurlandırmaqla bərabər, müəyyən suallara cavab axtarmaq məcburiyyətində də qoyur.

Deputat kimi toxunduğunuz məsələlər həm mövzu, eləcə də coğrafi məkan baxımından rəngarəngdir: Qarabağın dirçəlişi, sülh sazişi, Zəngəzur dəhlizinin açılışı, COP 29, Fələstin-İsrail müharibəsi, qiytmət artımının səbəbləri, müxalifətçilərə cavablar, idxal-ixrac və sair. Amma bu dörd çağırış dövründə (təxminən 15 il) bir dəfə də olsun təmsil etdiyniz rayonda təhsilin, mədəniyyətin inkişafı, maddi-texniki və mənəvi bazası…., məsələlərinə toxunmamısınız.

Sizə xatırlatmağa zəruruiyyət olmasa da, bunu etmək məcburiyyətindəyik. Qusar öz etnik tərkibinə görə rəngarəng rayondur. Son statistik məlumatlara görə rayon əhalisinin 94,4 faizi ləzgiıər, yəni sizin soydaşlarınızdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir».

Amma çox zaman hər bir insanın həm vətəndaş, eləcə də bir etnosun nümayəndəsi kimi hüquq və vəzifələrinin, maddi tələbatla yanaşı mənəvi ehtiyaclarını ödəmək haqqının da olduğu unudulur. Bu unutqanlar bizim Milli Məclisdə, Nazirlər Kabinetində, Milli Elmlər Akademiyasında, təhsil və mədəniyyət nazirliklərində… əyləşiblər. Onlar 21-ci əsrdə, günün günorta çağında Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış, qəbul olunmuş Konstitusiyamıza əməl etmirlər.

Əsas Qanunun 45 ci maddəsi «Ana dilindən istifadə hüququ» adlanır və orada yazılır:

«I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.»

Bu həm də beyhəxalq hüququn tələbidir. Məqsədi Tərəflərin müvafiq əraziləri daxilində milli azlıqların mövcudluğunu qoruyub saxlamaq olan «Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası» bir sıra prinsiplərlə yanaşı milli azlıqların nümayəndələri üçün mədəniyyət, din, dil və ənənələrinin qorunub saxlanmasını, eləcə də öz milli kimliklərini saxlamasına lazımi şərait yaradılmaqla onların tam və effektiv bərabərliyinin təmin olunmasını müəyyən edir.

Əcəba, bizim- Sizin seçicilərinizin, üzərlərinə düşən vəzifələri, borcları şərəflə, vicdanla yerinə yetirən vətəndaşların, şəhid, qazi olan insanların yaxınlarının, doğmalarının və nəhayət soydaşlarınızın bu hüquqlardan necə yararlandıqlarının fərqindəsinizmi?

Bu müraciəti Sizə ünvanlamağa bizi vadar həm də son aylar ləzgi dilinə qarşı olan müxtəlif basqılar, sapı özümüzdən olan baltaların, təlimatlandırılan manqurtların, göndərilən missionerlərin doğma dilimizin «məişət dili», «ev dili» olmağı, onun gərəksizliyi kimi sərsəm fikirlərin səsləndirmələridir.  Siz yaxşı bilirsiniz ki, hələ erkən orta əsrlər dövründə ləzgilərin yazılı mədəniyyətinə dair ərəb dilində epiqrafik abidələrə rast gəlinir. Artıq 19-cu əsrdən etibarən ləzgi ədəbi, yazı dili mövcuddur, Yetim Emin, Ləzgi Əhməd, Həsən Əlqədari…kimi klassiklərimizin bu dildə yazıb-yaradıblar. Bu dildə tv. və radio yayımları aparılır, qəzet və jurnalları çap edilir.

Sizə yaxşı məlumdur ki, ana dili, insanın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Ana diluni öyrənmək, insanın düşüncə tərzini, dünyagörüşünü və mədəniyyətini formalaşdırır.

Hər bir xalqın öz soykökunə baglı olmasını vacib sayan ulu öndərimiz Heydər Əliyev məhz buna görə ana dili məsələsinə xüsusi diqqət verirək  deyirdi: «Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan,  inkişaf etdirən onun dilidir.»

Təəssüf ki, indiki məmurlar ya dünyagörüşlərinin darlığı üzündən, ya bilərəkdən bu müddəaları, Konstitusiyamızın müddəalarını qulaqardına vururlar.

Vaxtilə Mirzə Ələkbər Sabir adına pedaqoji texnikumun Qusar filialı fəaliyyət göstərir, burada Ləzgi dilinin tədrisi üçün kadrlar hazırlanırdı. Amma son illər, xüsusən də yaxşılığa doğru dönüşə, dilimizin qorunmasına və inkişaf etdirilməsinə ümid bəslədiyimiz müstəqillik illərində vəziyyət ürəkaçan deyildir. Belə ki, ölkənin bir neçə rayonunda institut və texnikumların filialları fəaliyyət göstərsə də, Qusarda ləğv edilib, cəmi iki-(1996- cı ildə “Maarif”nəşriyyatında 1-ci siniflər üçün, 2006-cı ildə isə “Olaylar” nəşriyyatında 2-ci siniflər üçün) dərsik çap olunub. Qalan illərdəsə Dağıstan Respublikasının nəşri olan kitablardan istifadə olunmuşdur.  Bu vəizyyət  2018 – 2019- cu tədris ilinədək davam etmişdir.

Nəhayət, 2020-ci ildə Azərbaycan Respublikası nəşri olan dərsliklərin hazırlanmasına başlanmış, 1-5 -ci  siniflər üçün dərsliklər tərtib edilmişdir. Təəssüf ki, həmin dərsliklər müxtəlif bəhanələrlə indiyədək çap olunmamışdır.

Siz sonuncu seçkilər zamanı «parlamentdə sizin səsiniz olacağam»- deyərək vəd vermişdiniz. Ona görə xatırladırıq: ölkə parlamentində azsaylı xalqların dillərinin qorunmasının, inkişafının, bu dillər üzrə mütəxəssislərin, dərsliklərin hazırlanmasının, ən nəhayət, Konstitusiya qanununa əməl edilməsinin vacibliyi haqqında səsinizi qaldırasınız.

Bu, həm bizim qanuni haqqımız və hüququmuz, həm də Sizin borcunuz və vəzifənizdir.

Sizə cansağlığı və uğurlar arzusu və tələbimizin tərəfinizdən səsləndirdiriləcəyinə inamla:

İmran Rzayev, “Samur” ləzgi mədəniyyət mərkəzinin rəhbəri
Vaqif Müşkürvi, şair-publisist
Gülaliyrin Eyvaz, “Marvar” ləzgi ədəbi birliyin rəhbəri
Kamran Alamvi, “Alam” ləzgi mədəniyyəti jurnalının baş redaktoru
Zavir Nəcəfov, “Suvar” ləzgi xalq ansamblın rəhbəri
Edvig Həsənov, “Samur” ləzgi mədəniyyət mərkəzinin gənclər söbəsinin rəhbəri

View Comments (3)

  • Müraciətdə əməyi olan hər bir kəsə böyük ehtiramla təşəkkürlər edirəm.

  • Vaxtında qoyulan düzgün tələbələrdir. Hörmətli deputatin borcudur ki, bunları Milli Məclisdə səsləndirdi.

  • Мен de sizin terefinizden ireli surulmus tekliflerin heyata kecirilmesinin terefdariyam, bu xalqimiz ucun cox vacib meselelerdir ve size bu meseleye vaxtinda toxundugunuza gore minnetdarligimi bildirirem,