Dahi alim

1934-cü ilin şaxtalı-boranlı qışından sonra mütləq həsrətlə gözlədiyimiz bir bahar gələcəkdi. Həmişə olduğu kimi bu bahar insanlara, təbiətə fərəh gətirəcəkdi. Şahdağın qarı əridikcə təbiətdə yeni bir oyanış, torpaqda bərəkət cücərirdi. Dağlar qoynunda yerləşən Ünüğ kəndinin camaatı da bahar qayğıları ilə yaşayırdı. Şıxməməd kişinin həyatında qoca şərqin tilsimli rəqəmi olan 7 rəqəmi uğurlu oldu. Ailədə 6 qızdan sonra mart ayının 10-da oğlan uşağı dünyaya gəldi. Hər yerdə olduğu kimi uşağa ad qoyulanda Şıxməmməd kişi İbrahimxəlil adı ilə razılaşmışldı. Yəni İbrahimxəlil — iki peyğəmbər.
Kiçik yaşlarından atasını itirən İbrahimxəlil, yetimlik carmıxa çəkilmişdi. Kövrək uşaq ürəyi qəmlər ummanına düşdü. Bu dərdlərin, qəmlərin qarşısında nə əyildi, nə də ki sındı. Yetimlik azmış kimi insanlara səfalət, aclıq gətirən Böyük Vətən müharibəsi onu bir daha çətin həyat sınağına çəkdi.

Bütün bunlara baxmayaraq, hamı kimi bu uşaq da «qarğı at» sürmüş, kirşə ilə sürüşmüş, güllü çəmənliklərdə ayaqyalın gəzərək öz ömrünün səhifələrini açmışdı.
1954-cü ildə Bakı Dövlət Universitetinin (əvvəlki S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olur və 1959-cu ildə bu qocaman ali məktəbi müvəffəqiyyətlə bitirir. O, tələbəlikdə riyaziyyat fənnini mükəmməl bildiyinə görə tələbələr arasında xüsusilə seçilirdi.
1958-1959-cu illərdə Bakı şəhər 129 və 66 saylı orta məktəblərində müəllimlik etmişdir.
1959-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna təyinatla gəlmiş və kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1960-cı ildə T.Q Şevçenko adına Kiyev Dövlət Universitetin «Ehtimal nəzəriyyəsi və riyazi statistika» ixtisası üzrə məqsədli aspiranturaya daxil olmuşdur.
1964-cü ildə Ukrayna SSR Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Kibernetika İnstitutu və Baş Astrronomik Observatoriyası İnstitutunun birləşmiş müdafiə şurasında «Təsadüfi kəmiyyətlərin paylama parametrlərini qiymətləndirmək üçün bəzi üsullar» mövzusunda namizədlik dissertasiyasını müvəf­- fəqiyyətlə müdafiə etmişdir.
1964-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernutika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir.
1977-ci ildə Ukrayna elmlər Akademiyasının Riyaziyyat İnstitutunun elmi şurasında «Qauss paylamaları sinfinin parametrləri üçün mötəbər qiymətlər» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1978-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ali Riyaziyyat kafedrasının professorudur. Bundan əlavə İ.İbrahimxəlilov Bakı Dövlət Universite­- tində, Azərbaycan Dövlət Texniki Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, və s. ali məktəblərdə işləmiş və indi də bir neçə ali təhsil müəssisə­sində çalışır.
İbrahimxəlilovun ilk kitabı «Təsadüfi proseslərin parametrlərinin mötəbər qiymətlərin dayanaqlığı» adlanır. 1980-cı ildə Kiyevdə çap olunmuş bu kitab 190 səhifə həcmindədir. Ehtimal nəzəriyyəsi mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiyanın rəyçiləri akademik V.S.Korolyuk və professor A.Y.Doroqovsov, məsul redaktoru isə Ukrayna Elmlər Akademiyasının müxbir üzvü N.İ.Portenkodur.
İ.İbrahimxəlilov 1988-ci ildə Daşkənddə keçirilən «Bernulli adına Riyazi statistika və ehtimal nəzəriyyəsi cəmiyyətinin 1 Ümumdünya Konqresi»n­də «Qauss prosesləri statistikasının bir problemi haqqında» adlı elmi məruzə ilə çıxış etmişdir. Onun məruzəsi bu konqresə akademik İ.V.Proxorovun xüsusi möhürü və imzası ilə daxil edilmişdir.
İ.İbrahimxəlilovun bir sıra beynəlxalq Konfranslarda, o cümlədən, Tbilisi (1963), Kiyev (1965, 1973, 1999), Vilnüs (1973, 1978, 1981, 1989), Daşkənd (1979-1986), Bakı (1993) və s. iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.
O, riyazi statistika üzrə monoqrafiya, elmi-metodiki vəsaitlər 100-dən artıq elmi və tanınmış məqalənin müəllifidir, eləcə də, 40-a qədər əsəri xarici ölkələrdə çap olunmuşdur.
Professor İ.İbrahimxəlilov Sovet Ensiklopediyasının ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə əsas məqalələrin müəllifi və məsləhətçisidir.
Hal-hazırda İ.İbrahimxəlilov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin Birləşmiş doktorluq dissertasiya müdafiə şurasının üzvüdür. O, dəfələrlə ABŞ-ın Miçiqan Dövlət Universitetinə dəvət olunmuşdur.
Mən bu sahənin mütəxəssisi olmadığıma görə onun işlərini analiz edə bilmirəm. Bəzi mütəxəssislərin rəylərindən sitat gətirmək istərdim.
E.F.Sarkov (A.Y.Pelşe adına Riqa Politexnik İnstitutunun tətbiqi riyaziyyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor): — Professor İ.Ş.İbrahimxəlilov təsadüfi proseslərin statistikası sahəsi üzrə özünün aldığı nəticələrilə məşhurdur. Onun təklif etdiyi metodika: Qauss tipli təsadüfi proseslərin tədqiqinə aid nəticələr təbiətşünaslığın müxtəlif sahələrində geniş istifadə edilir. Xüsusi halda Riqa Politexnik İnstitutunun «tətbiqi riyaziyyat» kafedrasında, ümumi sistemin xarakteristikaların dinamikasına təsadüfi prosesin təsirinin təhlilində, sağ tərəfi Qauss tipli olan differensial tənliklərin həlli zamanı İ.Ş.İbrahimxəlilovun limit teoremlərindən müvəffəqiyyətlə istifadə edilir. İqtisadiyyatın çoxlu problemləri üçün də bu nəticələr yaxşı uyğunlaşdırılmışdır. İ.İbrahimxəlilovun tədqiqatlarından iqtisadi sistemlərin dinamikasının təhlilində də istifadə etmək olar.
N.V.Smirnov (SSRİ Elmlər Akadeiyasının müxbir üzvü): — İ.İbrahimxəlilovun ehtimalları dəyanətli paylama qanunlarının parametrlərinin qiymətlərinə aid bəzi elmi nəticələrini mexanikanın müxtəlif sahələrinə müvəffəqiyyətlə tətbiq etmək olar.
V.S.Korolyuk (Ukrayna Elmlər Akademiyasının akademiki): Professor İ.İbrahimxəlilovun tədqiqatları Qauss paylamalarının sonsuz ölçülü fəzaların statistikasına həsr olunub. Sonsuz ölçülü fəzalarda bir müsahibə əsasında paylama parametrlərini qiymətləndirmək üçün müxtəlif üsullar təklif etmişdir. Ən maraqlısı, tədqiqatlarda korrelyasiya operatorunu Bays üsulu ilə qiymətləndirilməsində yeni problemin həllidir.
İ.İbrahimxəlilovun əmək fəaliyyəti 1966-cı ildən bu günə kimi Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx bağlıdır. Anadan olmasının 75 illiyi münasibətilə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Öz əməksevərliyi, bacarığı, işgüzarlığı ilə seçilən, ömrünü şərəfli və nəcib işə həsr etmiş yorulmaz riyaziyyatçı-alim, professor İ.İbrahimxəlilovun 80 yaşı tamam olmuşdur. Ona yubiley münasibəti ilə möhkəm cansağ­lığı, xoş əhval-ruhiyyə, uzun ömür, işində müvəffəqiyyətlər arzu edirik. Qoy, o, bundan sonra da ömrünün ən xoş günlərini yaşasın, respublikamızda riyaziyyat elminin yüksəlməsinə yeni töhfələr versin.

Bəybala ƏLƏSGƏROV,
Beynəlxalq Nobel İnformasiya
Mərkəzinin vitse-prezidenti,
tarix elmləri doktoru

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *